Azərbaycan Mətbuat Şurasında tanınmış jurnalist, yazıçı-publisist və “Bizim Yol” xəbər saytının təsisçisi Bahəddin Həzinin doğum günü şərəfinə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Əməkdar jurnalist Vüsalə Mahirqızı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Natiq Məmmədli və digər tanınmış şəxsiyyətlər iştirak edib.
Rəşad Məcid bildirib ki, 1990-cı illərdə Azərbaycan müstəqillik əldə etdikdə, jurnalistikaya yeni bir nəsil daxil oldu. O, Bahəddin Həzinin peşəkarlıqla mətbuatda uzun müddət fəaliyyət göstərdiyini vurğulayaraq, “Bahəddin Həzi 60 yaşını qeyd edir. O, jurnalistikamızın tarixini özündə yaşadan insanlardandır. Bu tədbir onun peşəkar fəaliyyətinə dostları tərəfindən hörmətin nümunəsidir. Bahəddin bəyi 60 yaşı münasibətilə ürəkdən təbrik edirəm,” deyə əlavə edib.
Tədbirdəki digər iştirakçılar da Bahəddin Həziyə xoş arzularını çatdırıblar. Sonda Rəşad Məcid Bahəddin Həziyə Mətbuat Şurasının diplomunu təqdim edib.
Bahəddin Həzi çıxışında onun üçün toplaşanlara minnətdarlığını bildirib və bu tədbirin onun üçün böyük bir motivasiya olduğunu sözlərinə əlavə edib: “Ziyalılarımız, dostlarımız, yaradıcı insanlar burada iştirak etdilər. Hər kəsə minnətdaram. Düşünürəm ki, bundan sonra da yazıb yaratmaq lazımdır.”
Bahəddin Həzi 1965-ci ilin 28 aprelində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində doğulub. O, Bakı Dövlət Universitetində təhsil alıb və 1989-cu ildən jurnalistikaya fəaliyyətinə başlayıb. Müxtəlif media orqanlarında müxbir, redaktor vəzifələrində çalışdıqdan sonra “Bizim Yol” qəzetinin baş redaktoru olub. 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Mənbə
Leave feedback about this