Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluq təminatı, müvəqqəti məskunlaşma yerlərində həyat şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə bağlı olub.
Komitə sədri Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün verdiyi tapşırıqların ardıcıllıqla icra olunduğunu, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərini diqqətdə saxladığını və onun tapşırığı ilə müvafiq işlərin görüldüyünü vurğulayıb.
Eyni zamanda qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa qrafikinə uyğun yenidən qurulan yaşayış məntəqələrinə ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür.
Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Mənbə
Leave feedback about this