Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu aşağı salıb. Bildirilib ki, 2025-ci ildə Brent markalı neftin orta qiymətinin 64 ABŞ dolları/barel olacağı proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə təxminən 17 dollar azdır. 2026-cı ildə isə neftin orta qiymətinin 60 dollar/barel səviyyəsinə qədər aşağı düşəcəyi gözlənilir. Bank, mart ayı ilə müqayisədə bu il üzrə neftin qiymət proqnozunu 8 dollar, 2026-cı il üzrə isə 11 dollar azaldıb. Mart ayı üzrə proqnozlar müvafiq olaraq 72 və 71 dollar idi.
Yeni proqnoz, artan ticarət gərginlikləri və yüksələn qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın zəifləməsi və bununla bağlı 2025 və 2026-cı illərdə qlobal neft tələbi artımının günlük təxminən 0,7 milyon barel səviyyəsinə enməsi əsas götürülərək hazırlanıb.
Analitiklərin hesablamalarına görə, qlobal neft təklifinin 2025-ci ildə günlük 1,2 milyon barel artacağı gözlənilir. Bu, 2024-cü ildəki artımın təxminən ikiqatıdır, nəticədə qlobal istehsal günlük 104,2 milyon barel səviyyəsinə çataraq bütün zamanların ən yüksək göstəricisinə yüksələcək. 2026-cı ildə isə bu göstəricinin əlavə 1,0 milyon barel artacağı proqnozlaşdırılır. Baza ssenarisinə əsasən, geopolitik hadisələrdən qaynaqlanan əlavə təchizat pozuntularının olmayacağı və OPEC+ daxilində razılaşdırılmış kvotalara əməl edilməklə daxili birliyin qorunacağı güman edilir.
Hesabatda qeyd olunub ki, "Enerji qiymətlərindəki dalğalanmaların son illərdə inflyasiyada ciddi dəyişikliklərə səbəb olduğu bir şəraitdə, neft qiymətlərinin gözlənilən azalma tendensiyası proqnoz dövründə ümumi qiymət təzyiqlərini zəiflədəcək. Enerji qiymətlərinin enməsi, 2025-ci ildə qlobal istehlak qiymətləri inflyasiyasını 0,35 faiz bəndi azaldacaq."
Leave feedback about this