Qayıdış həyatdır… Xüsusən də həsrəti ilə dastanlar yazılan, vüsalı ilə dilləri lal edən Qarabağa qayıdış!
Azərbaycan Qarabağı 28 il hər anında yaşatdı; növbəti ad gününü Qarabağda keçirmək istəyənlərin sağlığında, kəndi azad olunan kimi sümüklərinin yurduna aparılmağını istəyənlərin vəsiyyətində, süd qoxan bəyaz ibtidai sinif otaqlarında…
Bu gün sizə təqdim edəcəyimiz tribuna tamam fərqlidir. Bu tribunanın adı “no comment” də ola bilər. Top-tüfəng səsini eşitməsə də, dəhşətləri görən, yaşayan, danışa bilməyən Gülməmmədin öz doğma yurdunda, Cəbrayılın Tatar kəndində etdiyi “stand-up”.
Eşitmədən danışan adam halını, yanğısını, sevincini elə ifadə edir ki, insanda əminlik yaranır:
Gülməmmmədin daşları sığallaya-sığallaya qığıldaması insanı əmin edir ki, əvvəl söz yox, əvvəl yurd var idi.
Sevgini ifadənin Gülməmməd forması varsa, heç zəhmət çəkib kitablar yazmağa ehtiyac qalmırdı. İki qığıltı, iki jest, bir ah, bir tısbağa 33 illik Cəbrayılsızlığı iliyinə kimi ifadə edirmiş.
Bir Gülməmməd, bir xaraba, bir tısbağa, bir də yenicə çiçəkləyən ağac təmsili… Gülməmməd burada bir azərbaycanlı deyil, sökülmüş divarının daşına, sınıq çarpayıya, sürünən tısbağaya və illər sonra çiçəkləyən ərik ağacına çevrilmiş təmsil qəhrəmanıdır. Dünyanın bütün insanları rahatlıqla özlərini Gülməmmədin yerinə qoya bilərlər.
Gülməmməd kişi, onsuz da hamımız Şuşanı, Ağdamı, Cəbrayılı görəndə heyrətdən lal oluruq. Elə aramızda ən yaxşı danışan sən oldun. Əslində özünü çəkdiyin bu videonun üstünə “Nitq məhdudiyyətli azərbaycanlı 33 il sonra işğaldan azad olunan evini tapır” yazsaq, dünya bizim yurd həsrətimizi canında, damarında hiss edər. Bəlkə də, müharibə, işğal, qayıdış mövzusunda ən yaxşı filmi elə sən çəkmisən. Baş rolda özün, rejissor özün…
Filmini heç bir dilə tərcümə etməyə ehtiyac yoxdur, axı danışmamaq, həm də dünyanın bütün dillərində danışmaqdır. Sən Qarabağsızlığı, 33 illik həsrəti dünya dilində danışdın. Zərrə pafossuz, uşaq saflığı ilə…
Ramiz Qusarçaylının illər əvvəl şuşalı qızcığazın xəstəxanada gördüyü yuxuya həsr etdiyi şeirdən iki bəndi xatırlayıram. Bu şeir həmin qızcığazın hövlnak oyanaraq dediyi bir cümləyə yazılıb: “Şuşanı gördüm. Ərik ağacımız çiçək açmışdı”.
Oyatma, qoy yatsın yatan dərdləri,
Köz-köz ürəyimi çatan dərdləri,
Gördüm çiçəyini atam, dərdlərin…
Bu yaz çiçəkləmə, ərik ağacım.
Bu dərd qaya-qaya, daş-daş güllənir,
Daş-qaya üstündə savaş güllənir,
Yiyəsiz yurd yeri yavaş güllənir,
Bu yaz çiçəkləmə, ərik ağacım…
İndi rahat çiçəklə, ərik ağacım. Gülməmməd qayıtdı…
Sərdar Amin
Xüsusi olaraq üçün
Leave feedback about this