“Azərbaycanda qohum evliliklərini qadağan edən qanun qəbul ediləndən sonra qohum evliliyi edən şəxslər bunu sürətləndirib”.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nın müzakirəsində Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Şöbə müdiri qeyd edib ki, bu kimi faktlar insanların heç də hamısının bu dəyişikliyə hazır olmadığını göstərir: “Qeyri-rəsmi nikah hallarının olması faktları da var. Bu faktlar məişət zorakılığı zəminində cinayət hadisəsi törədiləndə yayılır. Ötən gün Sabirabadda gənc qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli fakt oldu. O qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayıb, 16 yaşında isə həyata vida etdi. Çox təəssüfedici haldır ki, valideynlər deyirlər ki, ailədə hər şey baş verə bilər. Lakin əsas məqama toxunmurlar ki, qanuna 1 ilə yaxındır ki, belə bir dəyişiklik olunub, amma 15 yaşında qız qeyri-rəsmi nikahda olub. Şüurda inqilab məsələsi deyilən anlayış var. Düşünürəm ki, bizim mental dəyərlərimizdə problem var”.
Qeyd edək ki, yaxın qohumlar arasında evliliyi qadağan edən qanun qəbul edilsə də, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.