Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin müşaviri İspaniyada qətlə yetirilib.
İspaniyanın “Cadena SER” radiostansiyası xəbər verir ki, Yanukoviçin müşaviri Andriy Portnov güllələnərək öldürülüb.
Andriy Portnovu Posuelo de Alarcon şəhərindəki məktəbin qapısında, uşaqlarını təhsil müəssisəsinə gətirəndə güllələyiblər.
Cinayəti törədən şəxs və ya şəxslər hadisə yerindən qaçıblar.
Qeyd edək ki, Andriy Portnov 2006-2010-cu illərdə Ali Radanın üzvü olub. 2010-cu ildə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini, Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin müşaviri, Məhkəmə İslahatı və Məhkəmə Sistemi Baş İdarəsinin rəisi təyin edilib. 2014-cü ilin fevralına qədər, Kiyevdə hakimiyyət dəyişikliyi baş verənə qədər, o, administrasiya rəhbərinin birinci müavini vəzifəsində çalışıb. 2014-cü ildən Ukraynanı tərk etdikdən sonra özəl hüquq fəaliyyəti ilə məşğul olub.