ABŞ-nin iri kriptovalyuta birjasına xaker hücumu olub

Fidan Məmmədli
1 Min Read

ABŞ-nin “Coinbase” kriptovalyuta birjası hakerlərin hədəfinə çevrilib. Kiberhücum nəticəsində müştərilərin məlumatları oğurlanıb və cinayətkarlar bu məlumatları açıqlamamaq üçün 20 milyon dollar tələb ediblər.

Bu barədə Financial Times məlumat yayıb.

Bu xəbərdən sonra şirkətin səhmləri Nyu-Yorkda birjasında 5.4% ucuzlaşıb. Əvvəlki gün şirkətin səhmləri Nyu-York fond birjası indeksinə daxil edildikdən sonra 25% bahalaşmışdı.

Şirkətin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd olunub ki, hakerlər müştərilərimizin siyahısını əldə etməyə çalışıblar. “Onlar sonradan özlərini “Coinbase” kimi təqdim edərək müştəriləri aldadıb kriptovalyutalarını ələ keçirmək niyyətində olublar. Daha sonra bu hadisəni ört-basdır etmək üçün bizdən 20 milyon dollar tələb ediblər. Biz bu tələbi rədd etdik”.

Kaliforniyada yerləşən “Coinbase”, həmçinin cinayətkarların yaxalanması və məsuliyyətə cəlb edilməsinə kömək edəcək məlumat üçün elə cinayətkarların tələb etdiyi 20 milyon dollar məbləğində mükafat elan edib.

Mənbəyə əsasən, “Chainalysis” analitiklərinin hesablamalarına görə, ötən il kriptobirjalara edilən kiberhücumlardan dəyən zərərin ümumi məbləği 21% artaraq 2.2 milyard dolları ötüb ki, bunun böyük hissəsi Asiya və Sakit okean regionunun payına düşür. Bu məbləğin 1,3 milyard dolları Şimali Koreya hökuməti ilə əlaqəli hakerlər tərəfindən oğurlanıb.

“Coinbase” zərər çəkmiş müştərilərə kompensasiya verəcəyini açıqlayıb. Təxmini hesablamalara görə, kompensasiyaların ümumi məbləği 180 milyon dollardan 400 milyon dollara qədər ola bilər.

Mənbə

    Share This Article
    Şərh edilməmiş