“Abzas Media” işinə görə təqsirləndirilən jurnalistlərə prokuror ağır cəza istəyib

Fidan Məmmədli
1 Min Read

“Abzas Media”nın əməkdaşlarının cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasın çıxışlar mərhələsində dövlət ittihamçısı təqsirləndirilən Ülvi Həsənlinin 12, Fərid Mehrəlizadənin 12, Hafiz Babalının 12, Sevinc Abbasova, Nərgiz Absalamova, Elnarə Qasımova və Məhəmməd Kekalovun hər birinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, “Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunublar. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs ediliblər.

Təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilib.

    Share This Article
    Şərh edilməmiş