Türkiyənin ekran tarixinə damğa vurmuş “Aşk-ı Memnu” serialının çəkildiyi məşhur villa satışa çıxarılıb. Ssenariyə əsasən, Ziyagil ailəsinin şəhər həyatından uzaqlaşmaq üçün tez-tez baş çəkdiyi bu əfsanəvi mülk İstanbulun Çatalca rayonunda yerləşir və satış qiyməti 135 milyon TL (təxminən 5,9 milyon manat) olaraq müəyyən edilib.
Məlumata görə, ümumilikdə 10 665 kvadratmetr sahəyə sahib olan bu dəbdəbəli kompleks təkcə seriallara yox, həm də möhtəşəm toy mərasimlərinə, tədbirlərə və digər ekran layihələrinə ev sahibliyi edib.
Əgər alıcının istəyinə əsasən, bitişik olan 43 302 kvadratmetrlik əlavə sahə də satışa daxil edilərsə, mülkün ümumi ərazisi 53 967 kvadratmetr, qiyməti isə 195 milyon TL (təxminən 8,5 milyon manat) olacaq.
Mülk 1989-cu ildə tanınmış memar Altan Denizel tərəfindən layihələndirilib, inşası isə iş adamı Dikran Masisin nəzarəti ilə həyata keçirilib. Əvvəlcə şəxsi mülk kimi inşa edilən obyekt, 2005-ci ildən etibarən 23 otaqlı butik otelə çevrilib.
Mülkün daxilində restoran, masaj otaqları, konfrans zalları, yürüş parkuru, peşəkar mətbəx, açıq hovuz, sauna və hamam da daxil olmaqla bir çox lüks imkanlar təqdim olunur.
Bu möhtəşəm təsis həm nostalji yaşatmaq, həm də sərmayə qoymaq istəyənlər üçün unikal fürsət kimi dəyərləndirilir.