247Press – Azərbaycan Xəbər Portalı Blog Siyasət Azərbaycan bu ölkə ilə növbəti siyasi məsləhətləşmələr keçirdi
Siyasət

Azərbaycan bu ölkə ilə növbəti siyasi məsləhətləşmələr keçirdi

=“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 25-i Bern şəhərində Azərbaycan və İsveçrə Konfederasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

247press-in “Qafqazinfo”-ya istinadən bildirdiyinə görə, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub. Davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi xüsusi olaraq qeyd olunub.

F. Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya ərzində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlər haqda məlumat verib.

Görüşdə həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat təqdim olunub.

Sonda tərəflər arasında regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular dairəsində fikir mübadiləsi aparılıb.

Mənbə

Exit mobile version