“AzerGold” QSC tərəfindən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbir təşkil edilib.
Tədbirdə “Əməyin təhlükəsizliyi və gigiyenasına inqilabi yanaşmalar: iş yerlərində süni intellekt və rəqəmsallaşmanın rolu” mövzusu müzakirə edilib. “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti və ÇİRES-də çalışan podratçı şirkətlərin nümayəndələri tədbirdə iştirak ediblər.
Müxtəlif sahələrdə həyata keçirilən əməyin mühafizəsi və texniki təhlükəsizlik tədbirlərindən, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı irəliləyişlərdən söz açılıb. Bildirilib ki, emal sahəsində ən yüksək standartlara cavab verən texnologiyalar tətbiq edilir və istehsalata rəqəmsal nəzarət sistemlərinin istifadəsi genişlənir. Bu yanaşmalar istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasını, əməyin təhlükəsizliyinin qorunmasını təmin edir. Nəticədə “AzerGold” QSC-də təhlükəsiz ötüşən iş saatlarının sayının 6 milyon saata çatdığı qeyd olunub.
Tədbirdən sonra qonaqlar ÇİRES-də yerləşən Çəndə Qələviləşdirmə Zavodunda yaradılan şəraitlə tanış olublar. Zavodda tətbiq edilən SCADA (İdarəetməyə nəzarət və məlumatların toplanması) sistemi barədə ətraflı məlumat verilib. SCADA sistemi, sənaye proseslərini izləmək və idarə etmək üçün rəqəmsal texnologiyalara əsaslanan bir sistemdir. Bu tip sistemlər zərərli iş mühitinə məruz qalmanın qarşısını alaraq, yüksək keyfiyyətli istehsalat prosesini təmin edir.
Tədbir zamanı ÇİRES-də sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit sahələri üzrə fəaliyyətə töhfə verən şirkət əməkdaşlarına təşəkkürnamələr və xatirə hədiyyələri təqdim edilib.