AZPROMO: Azərbaycandan quş əti və yumurta ixracının artırılması üçün dəstək davam etdiriləcək

1 Min Read

Azərbaycanın yumurta ixracının artırılması və ixrac coğrafiyasının şaxələndirilməsi imkanları müzakirə olunub.

Bununla bağlı İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi, Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri ilə və quruma üzv olan sahibkarlarla görüş keçirilib.

Görüşdə çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı son dövrlərdə Azərbaycanın yumurta ixracının artmasını və ixracın təşviqi çərçivəsində Agentlik və İxracatçılar Klubu tərəfindən quş əti və yumurta ixracatçılarına dövlət qurumları ilə əlaqələndirmə işlərində göstərilən dəstəyin davam etdiriləcəyini diqqətə çatdırıb.

Assosiasiyanın İdarə Heyətinin sədri Mürvət Həsənli hazırda ölkədən süfrə yumurtasının 10-dək ölkəyə ixrac edildiyini və Azərbaycanın regionda lider süfrə yumurtası ixracatçısı olduğunu vurğulayıb.

Görüşdə vurğulanıb ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) süfrə yumurtasının ixracı yüksək potensiala malikdir. Bu istiqamətdə Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəliyinin dəstəyi ilə bir sıra görüşlərin keçirildiyi və qarşı tərəfin tələblərinin asanlaşdırılmasında irəliləyişin əldə olunduğu bildirilib.

Tədbirdə həmçinin ixrac potensialının səmərəli reallaşdırılması məqsədilə ixrac prosesinin sadələşdirilməsi üzrə təkliflər dinlənilib, o cümlədən məhsulların ixrac üçün sertifikatlaşdırılması, fitosanitar nəzarət və yumurtanın xaricə tədarükü ilə bağlı digər məsələlərə dair sahibkarların sualları cavablandırılıb, görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version