Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən 122-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumatda deyilir ki, 9 may, saat 13:30-da Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Masallı Rayon Mərkəzi Xəstəxanasına üç nəfər (biri kişi cinsli, ikisi qadın cinsli olmaqla) hospitalizasiya olunub.
“Yaralılara ilkin zəruri tibbi yardım göstərilib. Hazırda müalicələri xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Hadisə zamanı üç nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə verilən məlumata əsasən bildirilir.
Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən mənbəyə əsasən, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
“Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Aydın Təhməsib oğlu Alışov hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilib.
Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 122-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi saat 13:05-də qeydə alınıb.
Bu məlumat Baş Dövlət Yol Polisi İdarəsindən verilib.
“Toyota Prado” markalı 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili yolayrıcı metal səddə çırpıb. Nəticədə maşın aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Hazırda qəzanın başvermə səbəbləri, ölən və xəsarət alanların sayı və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür”, – deyə informasiya mənbəsində bildirilib.
Bakı-Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolayırıcı maneəyə çırpılıb.
Zərbənin təsirindən avtomobil tamamilə yararsız hala düşüb. Ölən və yaralananların olduğu bildirilir.
Hadisə ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Əzizə İsmayılova