“Bakı Marafonu 2025” üçün qeydiyyat prosesi başa çatıb. Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək bu marafona 27 min iştirakçı qeydiyyatdan keçib ki, bu da ötənilki marafonlarla müqayisədə ən yüksək rəqəmdir.
“Küləyə qalib gəl”ənlər arasında Azərbaycan vətəndaşları ilə yanaşı, digər ölkələrdən iştirak edənlər də olacaq. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak etmək hüququna malikdir.
Marafon, Dövlət Bayrağı Meydanında başlayaraq bitəcək və Dənizkənarı Bulvarı, paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edən 21 km-lik marşruta malikdir.
İştirakçılar qaçış zolağında kişi və qadın kateqoriyalarında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Həmçinin, finişə çatan ilk 2000 iştirakçıya medallar təqdim olunacaq, bütün marafon iştirakçıları və yarışın təşkilində dəstək göstərən könüllülər isə sertifikatlarla mükafatlandırılacaq.
Şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında və marşrut boyunca müxtəlif əyləncə zonaları yaradılacaq. Burada əyləncə proqramları, yarışlar və idman tədbirləri baş tutacaq.
Mənbə
Leave feedback about this