Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin məhkəməsi başlayıb.
Abdulla Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. Cinayət işi hakim Aygün Qurbanovanın icraatına verilib.
Bu gün məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə anket məlumatları dəqiqləşdirilib. Hazırlıq iclası mayın 12-də davam etdiriləcək.
Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini radikalizm zəminində törədildikdə) və 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) maddələri ilə təqsirləndirilir.
Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıb. İttihama görə, Sumqayıt şəhərində yaşayan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb. O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” ilə hücuma təşəbbüs edib. Əməliyyat zamanı onun üzərindən və avtomobilindən silah qismində istifadə etməyə hazırlaşdığı əşyalar aşkar edilərək götürülüb.
Mənbə
Leave feedback about this