Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
Məlumata görə, komandalar qrup mərhələsinin 2-ci turunda 8 oyun keçiriblər.
Qarşılaşmalar Milli Gimnastika Arenasında reallaşıb.
A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb və ilk qələbəsini qazanıb – 4:0. Yığmamızın rəqiblərinin duelində – Mavritaniya və Bəhreyn seçmələrinin duelində Afrika təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
A qrupu: Azərbaycan – 4. Mavritaniya – 4. Bəhreyn – 1. Sloveniya – 1.
B qrupunda mübarizə aparan Fransa Özbəkistanın müqavimətini qıra bilməyib və görüş 3:3 hesabı ilə yekunlaşıb. Qrupun digər oyununda isə günün sensasiyası qeydə alınıb. Son dünya çempionu Rumıniyaya 4:2 hesabı ilə qalib gələn Çad aktivinə ilk 3 xalı yazdırıb.
B qrupu: Fransa – 4. Çad – 3. Rumıniya – 3. Özbəkistan – 1.
İngiltərə və Macarıstan komandalarını qarşılaşdığı C qrupunda tərəflər qalibi müəyyənləşdirə bilməyiblər – 1:1. Digər matçda isə Türkiyə Ukrayna yığmasına 3:1 hesabı ilə üstələyərək ilk qalibiyyətini əldə edib.
C qrupu: İngiltərə – 4. Türkiyə – 4. Macarıstan – 2. Ukrayna – 0.
D qrupunda isə Bolqarıstan Hindistanı böyük hesabla məğlub edib – 5:0. Portuqaliya yığması isə Slovakiya üzərində 2:1 hesablı qələbə qazanaraq xallarının sayını altıya yüksəldib və qrupdan çıxmasını vaxtından əvvəl təmin edib.
D qrupu: Portuqaliya – 6. Slovakiya – 3. Bolqarıstan – 3. Hindistan – 0.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.