2024-cü ilin sonuna BOKT-lərin öhdəliklərinin 155 mln. manatı bank kreditləri vasitəsilə maliyyələşdirilib ki, bu da cəmi öhdəliklərin 48%- ni təşkil edib. Bank kreditlərinin həcmi 2024-cü ilin sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% (18.4 mln manat) artıb.
Məlumata görə, bank kreditləri bütünlüklə rezident banklardan cəlb edilib. Habelə, banklar tərəfindən ayrılmış kreditlərin 8.1 mln. manatı xarici valyutada olub.
Qeyd edilib ki, BOKT-ların milli valyutada cəlb edilmiş bank kreditləri üzrə orta çəkili faiz dərəcəsi 11.5%, habelə qiymətli kağızlar üzrə analoji göstərici rezident və qeyri-rezidentlər üzrə müvafiq olaraq 15% və 13% olmuşdur ki, bu da bankların maliyyələşmə xərclərinə nəzərən daha yüksəkdir.
Məlumatda deyilir ki, mikromaliyyə sektorunun digər əsas maliyyələşmə mənbələrindən biri kapital bazarı vasitəsilə maliyyələşmədir. Belə ki, 2024-cü ilin sonuna istiqraz emissiyası vasitəsilə maliyyələşmə üzrə qalıq məbləğ 61.2 mln. manat təşkil etmişdir ki, bu da BOKT-lərin cəmi öhdəliklərinin 19%-ni təşkil edib
BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksəkdir və milli valyutada orta çəkili faiz dərəcəsi 15% ətrafındadır BOKT-lərin istiqraz vasitəsilə maliyyələşmə xərclərinin yüksək olması əsasən onların risk profilindən qaynaqlanır.
Xarici mənbələrdən maliyyələşmə. Xarici mənbələrdən maliyyələşmə imkanları məhduddur. Belə ki, qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin cəmi öhdəliklərə nisbəti 2024-cü ilin sonuna 27.5% olub. Qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlər əsasən xarici valyutadadır. Belə ki, 2024-cü ilin sonuna qeyri-rezidentlərdən cəlb edilmiş vəsaitlərin 42.2%-i xarici valyutada olub.