Yeddi ölkə, o cümlədən ev sahibi Azərbaycan, 2025-ci ildə keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib.
Məlumatda deyilir ki, hazırda oyunlarda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir. Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən yeddi ölkədən 23 idman növü üzrə ümumilikdə 1 659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2 385 nəfərdir.
Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3×3 və voleybol yarışlarında altı ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilirlər. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, oyunlarda dünyanın 23 ölkəsindən 5 500-ə yaxın iştirakçının qatılması gözlənilir.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.