Xəbər verdiyimiz kimi, mayın 10-da Ağdamda Muğam Mərkəzinin açılışı olub.
Məlumata görə, açılış mərasimində Mətbuat Şurasının sədri Rəşad Məcid də iştirak edib.
O, sosial şəbəkə hesabında səfər təəssüratları ilə bağlı paylaşım edib:
“Ağdam Muğam Mərkəzinin açılışında “Qarabağ şikəstəsi” oxuyan bu uşaqların-Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləri Əhəd Ağayev, Türrə Hüseynova və Rüfət Axundovun səsi 30 illik işğalın yox edə bilmədiyi İlahi verginin, sirli ənənənin davam etməsinin, yaşamasının təcəssümüydü. Prezidentin müəllifi olduğu, xəyal etdiyi yeni Ağdamın, musiqi məkanı Qarabağın ən möhkəm cövhərinin təntənəsiydi.
Əbədiyyətə, Ruhun davamına əminliyin nişanəsiydi!
Kövrəlməmək, sevinc göz yazlarına bürünməmək mümkünsüz idi!”
İllər sonra ilk dəfə doğma torpaqda gecələyən R.Məcid hisslərini belə ifadə edib:
“32 ildən sonra yenidən Ağdamda gecələmək!!!
Davamlı inşaat səslərinin içində imkan tapıb Ağdamın nəfəsini dinşəmək və havasını ciyərlərinə çəkmək!
Keçmişə dalmaq, gələcəyi xəyal etmək!
Uzaq yurd yerlərini xəfif xiffət və dərin həsrətlə arzulayanlara da nəsib olsun!
İndi inanılmaz olan nə var ki?!
Gerçəkləşdirənlərə sonsuz minnətdarlıqla…”