“Kəpəz”in yeni baş məşqçisi əcnəbi olmayacaq.
Bunu açıqlamasında Gəncə təmsilçisinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimov bildirib.
O, baş məşqçi Azər Bağırovun ötən gün istefa verməsi barədə danışıb:
“Anlaşılmazlıq bir məsələ üzərinə deyildi. Bir çox mövzuda fikir ayrılığı yarandı. Tərəflərin gələcəyə baxış tərzləri üst-üstə düşmürdü. Lakin bunların heç biri Azər Bağırovun Gəncə futboluna faydalı olması həqiqətini dəyişdirmir. O, komanda üçün yaxşı işlərlə yadda qalıb. Biz də onunla davam etmək istəyirdik. Lakin şərtlər uyğun olmadı. Dünən qaldı dünəndə, gələcəyə baxmalıyıq”.
Klub rəsmisi yeni baş məşqçinin adına yaxın 10 gün ərzində aydınlıq gələ biləcəyini vurğulayıb:
“Konkret tarix deyə bilmərəm. Fikrimizdə olan adlar var. Həmin mütəxəssislərdən hansının daha uğurlu olacağını götür-qoy edirik. İşlər davam edir. Əminliklə demək istəyirəm ki, yeni baş məşqçi əcnəbi olmayacaq”.