Moskvada 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli qəbul keçirilib.
Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkil etdiyi tədbirdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Dəmir Muxitdinov, tanınmış siyasi və ictimai xadimlər, Moskvada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev xatırladıb ki, 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyəti- müsəlman Şərqində cəmi 23 ay yaşamış, lakin tarixdə parlaq iz qoymuş ilk parlamentli respublikanı elan edib. Diplomat 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın təcavüzü və ərazisinin 20 faizinin itirilməsi ilə üzləşdiyi çətin dövrdən də danışıb. Səfir ölkənin suverenliyinin bərpasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.
“Bunun üçün onilliklər boyu siyasi iradə, iqtisadi islahatlar və diplomatik tarazlıq lazım olub. Dövlət başçısının cəsarətli mövqeyi sayəsində Azərbaycan tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bu gün ölkə Qarabağın və Şərqi Zəngəzurun genişmiqyaslı yenidən qurulmasına yönəlib”.
Rəhman Mustafayev Azərbaycanın regional inteqrasiyada fəal rolunu da vurğulayaraq, ölkəni Avropa, Qafqaz, Mərkəzi Asiya və Çini birləşdirən nəqliyyat və logistika qovşağı adlandırıb.
Sonra Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edib. O, 2022-ci ildə Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin imzalanması ilə Azərbaycan ilə Rusiya arasında münasibətlərin yeni səviyyəyə yüksəldiyini, Rusiya Prezidentinin 2024-cü ilin avqustunda Azərbaycana dövlət səfərinin ikitərəfli dialoqda mühüm mərhələyə çevrildiyini vurğulayıb.
“Azərbaycanlı dostlarımı milli bayramları – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. 2022-ci ilin fevralında ən yüksək səviyyədə imzalanmış Rusiya və Azərbaycan arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə əsasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində azərbaycanlı tərəfdaşlarımızla birgə işimizin nəticələrindən məmnun olduğumu bildirmək istərdim. Ən mühüm ikitərəfli dövlətlərarası sənəd olan bu bəyannamə imzalanandan bəri əlaqələrimiz irəliyə doğru böyük addım atmışdır. Dövlətlərarası siyasi dialoq onun istiqamətini və tonunu müəyyən edən ölkələrimizin rəhbərləri səviyyəsində inkişaf edib. Prezident Vladimir Putinin ötən ilin avqustunda Bakıya dövlət səfəri mühüm əhəmiyyət kəsb edirdi. Biz iki ölkənin ali qanunverici orqanları arasında fəal təmasları davam etdirdik və bu baxımdan Federasiya Şurasının sədri Valentina Matviyenkonun bu ilin martında Azərbaycana səfəri böyük əhəmiyyət kəsb etdi. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bu günlərdə KazanForumda olub. Hazırda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov yüksək səviyyəli nümayəndələrin təhlükəsizlik məsələləri ilə bağlı iclasında iştirak etmək üçün Moskvada səfərdədir. Biz ünsiyyət qururuq, ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə edirik və qarşılıqlı məqbul həll yollarını axtarırıq”, deyə rusiyalı diplomat vurğulayıb.
Qaluzin həmçinin iki ölkə arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib: “Biz “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi kimi meqalayihəni həyata keçiririk ki, bu da qlobal ölçüdə əsas nəqliyyat arteriyalarından birinə çevrilərək Arktika regionunu Rusiya və Azərbaycan ərazisindən keçməklə Fars körfəzinin limanları ilə, daha sonra isə İrana birləşdirəcək”
Humanitar əlaqələrdən danışan Qaluzin Rusiyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini gözlədiklərini söyləyib: “Ümid edirik ki, Azərbaycanda Rusiya mədəniyyəti tədbirləri, o cümlədən “Rus fəsilləri” kimi flaqman mədəniyyət layihəsi davam etdiriləcək. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin böyük gələcəyi var. İndiyə qədər birlikdə yaratdıqlarımızın qayğısına qalmaq və irəli getmək vacibdir”, – deyə Rusiya XİN başçısının müavini yekunlaşdırıb.
Azərbaycanın Moskvadakı hərbi attaşesi Kənan Təxməzov çıxışında bu il iki çox mühüm bayramı – Müstəqillik Günü və Silahlı Qüvvələr Gününü birləşdirməyə qərar verdiklərini, çünki onların bir-biri ilə çox sıx bağlı olduğunu söyləyib: “Heç kimə sirr deyil ki, istənilən dövlətin suverenliyinin qarantı güclü silahlı qüvvələrdir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müasir model əsasında ordunun formalaşdırılmasına başlanılmış, sonralar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla tamamlanaraq, onun uzaqgörən siyasəti silahlı qüvvələrin qarşısına qoyulan vəzifələri ən qısa müddətdə maksimum səmərəliliklə həll etməyə qadir olan qüdrətli orduya çevirmişdir. Aparılan səmərəli islahatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, regionda sülhün və firavanlığın əsasını qoyub”.
Hərbi attaşe hazırda Azərbaycan ordusunun 164 hərbi qulluqçusunun Rusiya Müdafiə Nazirliyinin 17 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə təhsil aldığını söyləyib: “Bunlardan 144-ü kursant, 20-si isə zabitdir. Bu, ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın yüksək səviyyəsini və Rusiya Federasiyasının Azərbaycan ordusunun potensialına danılmaz töhfəsini əks etdirir”.
Təntənəli qəbul musiqili konsert proqramı ilə davam etdirilib.