Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə start verilib.
Layihə çərçivəsində ilk təlimlər FHN-in Gəncə və Cənub Regional mərkəzlərində baş tutub.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himni səsləndirildikdən sonra ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra FHN-in mütəxəssisləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə nəzəri, praktiki biliklər təqdim olunub. Təlimlər zamanı könüllülər “İlkin psixoloji yardımın göstərilməsi və fövqəladə hallar zamanı davranış qaydaları” mövzuları ilə bağlı məlumatlandırılıb.
Növbəti mərhələdə təlimlərə cəlb edilmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər.
Qeyd edək ki, layihə 24 iyun tarixinədək davam edəcək və əsas məqsəd fövqəladə hallarda əhaliyə ilkin psixoloji yardımın göstərilməsi və müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarının aşılanmasıdır.