Polşa Rusiyanın uzaqmənzilli aviasiya aktivliyi səbəbindən ardıcıl ikinci gündür qırıcı təyyarələrini havaya qaldırır.
Bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığından məlumat verilib.
“Nəzərə alın ki, ölkənin cənub-şərq hissəsində hava məkanımızda Polşa və müttəfiqlərin təyyarələrinin hərəkətləri ilə bağlı səs-küy səviyyəsinin artması müşahidə oluna bilər”, – deyə məlumatda bildirilib.
Bildirilir ki, Polşanın hava məkanının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün zəruri prosedurlar işə salınıb.
Qeyd edək ki, mayın 25-də də Polşa və müttəfiq ölkələrin hərbi hava qüvvələri Rusiyanın Ukraynadakı aktivliyi səbəbindən səmaya qaldırılıb. Havaya növbətçi döyüş təyyarələri qalxıb, yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.