Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının idarə rəisi general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən terror aktında şübhəli bilinən şəxs saxlanılıb. 247press-in APA-ya istinadən əldə etdiyi məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu barədə məlumat yayıb.
Məlumata görə, Moskalikin terror aktı nəticəsində ölümü ilə bağlı cinayət işi çərçivəsində istintaq bu cinayəti törətməkdə şübhəli olan şəxsi müəyyənləşdirib. Onun Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin olduğu üzə çıxıb.
Şübhəli Rusiya FSB-nin əməliyyat xidmətləri tərəfindən saxlanılıb. Cinayətin baş vermə şəraiti araşdırılır, sübutlar toplanır.
Aprelin 25-də səhər saatlarında Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilir. Rusiya mətbuatı daha sonra həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalik olduğunu açıqlayıb. 59 yaşında olan general 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini icra edirdi.
Mənbə
Leave feedback about this