Rusiyada təqaüdçü kişi albalı dərmək istəyən məktəbli qızlara atəş açdı

Fidan Məmmədli
1 Min Read

Rusiyanın Rostov vilayətinin Proletarsk şəhərində təqaüdçü kişi evinin yaxınlığında albalı dərmək istəyən məktəbli qızlara atəş açıb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, 13 yaşlı iki məktəbli qız gəzinti zamanı budaqları hasarın üstündən sallanan yetişmiş albalını görüblər. Giləmeyvədən yemək istəyən qızlar əllərini qaldırıb dərmək istədikləri an atəş səslərini eşidiblər.

Qızlar qaçmağa başlayıblar, lakin atəş davam edib və güllə qızlardan birinin çiyninə dəyib. Zərərçəkənin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib.

Hadisəni törədən şəxsin kimliyi tez bir zamanda müəyyənləşdirilib. Onun 69 yaşlı yerli sakin Anatoli İvanoviç olduğu məlum olub. O, albalıların dərilməməsi üçün pnevmatik tüfənglə qızlara atəş açıb.

Təqaüdçü bildirib ki, uşaqları nişan almayıb, yalnız havaya və hasara tərəf atəş açaraq onları qorxutmaq istəyib.

Hadisə ilə bağlı araşdırma aparılır. Kişinin silahı müsadirə edilib. Ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işinin başlanması məsələsi müzakirə olunur. Bu maddə ilə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Hazırda ekspertizaların nəticələri gözlənilir. Bu nəticələrdən sonra cinayət işinin başlanıb-başlanmaması barədə qərar veriləcək.

Mənbə

    Share This Article
    Şərh edilməmiş