Dövlət müəssisələrində bəzən 1 ştat olur və o həkim sertifikasiyadan kəsilir və xəstə qəbul edə bilmir, əməliyyat etmir.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Rəşad Mahmudov deyib.
“Bunu təsəvvür edə bilirsiniz?! Dövlət müəssisələrində yeni ştat açılması kifayət qədər çətindir. Lap ştat açılsa belə, gələn yeni həkimə nə vəd edəcəksən? O, neçə ay işləyəcək? Sertifikasiya imtahanından kəsilənlərin yerinin boş qalması tibb sahəsində ciddi problemlərə səbəb olur. İmtahandan keçməyən həkimlərin işdən uzaqlaşdırılması işin gedişatına müsbət təsir etmir. Davamlı inkişaf sistemi beynəlxalq təcrübədə könüllü əsaslarla qurulur. Yəni həkimləri cəzalandırmaqdan çox onların könüllü inkişafına yönəlir. İmtahandan kəsilən həkimlər üçün fəaliyyətin dayandırılması ilə bağlı qanunvericilikdə dəyişiklik etməliyik. Bununla bağlı nazirliklə müzakirələrə ehtiyac var”, – deyə Rəşad Mahmudov vurğulayıb.