Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu prosesdə təqsirləndirilənlərə hökm oxunub. Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək təqsirləndirilən Nuridə Seyidovanın 9 il 6 ay, Aynur Bayramovanın 9 il və Aysel Məmmədovanın isə 8 il müddətə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli