Türkiyə və Gürcüstan din xadimləri Şuşadan sonra Ağdama getdilər

Fidan Məmmədli
3 Min Read

Türkiyə və Gürcüstan din xadimlərindən ibarət nümayəndə heyəti Ağdamda səfərdədir. Məlumata görə, qonaqlar səfər zamanı 30 il ərzində törədilmiş dağıntılar, həmçinin tarixi yerlərlə də tanış olacaqlar. Eyni zamanda din xadimləri Ağdam Cümə məscidi, İmarət Kompleksi və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Qonaqlara işğalda olduğu müddət ərzində ermənilərin Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirdiyi vandalizm aktları haqqında məlumatlar veriləcək.

Qeyd edək ki, 30-dan çox azərbaycanlı din xadimin iştirak etdiyi səfər iyunun 2-dək davam edəcək. Səfərin növbəti mərhələsi Bakı şəhərində olacaq.

Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhəri ilə tanış olub, tarixi məkanları ziyarət ediblər. Məlumatda deyilir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.

Yuxarı Gövhər Ağa məscidində qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Azərbaycana səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər. Məlumatda deyilir ki, din xadimlərindən ibarət nümayəndə heyəti mayın 31-də Şuşa şəhərində tarixi məkanlar, o cümlədən Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı məscidləri və Cıdır düzü ilə tanış olacaq.

Qeyd edək ki, səfər xaricdə yaşayan həmvətənlərlə dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədi daşıyır. 30-dan çox azərbaycanlı din xadiminin qatıldığı səfər iyunun 2-dək davam edəcək.

Mənbə

    Share This Article
    Şərh edilməmiş