Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
“Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu” 
							
 - Vardanyanın məhkəməsi
Kriminal

“Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu” – Vardanyanın məhkəməsi

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 29-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün öz seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib, onları məhkəmə tərkibi, tərcüməçilər, katiblər, dövlət ittihamçıları və digərləri ilə tanış edib.

Sonra Ruben Vardanyan və onun vəkili Avraam Berman məhkəmə kollegiyasına etiraz ediblər.

Müdafiəçi A. Berman etirazını əsaslandıran zaman əvvəlki məhkəmə proseslərində verilən çoxsaylı vəsatətlərin bir qisminin təmin olunmadığını, eləcə də hazırkı vaxtadək olan bütün məhkəmə iclas protokolları ilə tam tanış ola bilmədiklərini qeyd edərək, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib.

R. Vardanyan etirazı müdafiə edib.

Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev etiraza münasibət bildirərək deyib ki, qeyd olunan məsələlərlə bağlı məhkəmə əvvəlki proseslərdə artıq mövqeyini ifadə edib. O, əlavə edib ki, məhkəmə iclas protokolları ilə tanış olmaq üçün müdafiə tərəfinə lazımi şərait yaradılır. O, həmçinin deyib ki, ümumilikdə bu cür əsaslar, yəni, müdafiə tərəfinin vəsatətlərinin məhkəmə tərəfindən təmin olunmaması, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması qənaətinə gəlməyə əsas verə bilməz.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

İclasa sədrlik edən hakim qərarı əsaslandırarkən qeyd edib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olmasına dair konkret dəlillər təqdim etməyib.

Sonra zərərçəkənlər məhkəmədə ifadə veriblər.

Zərərçəkmiş şəxs Nurlan Bağırov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət edərkən hərbçi yoldaşları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığını bildirib. O, hadisə zamanı atəş açıldığını, əl qumbaralarının atıldığını vurğulayıb. Nəticədə onun 14 hərbçi yoldaşı şəhid olub, bəziləri yaralanıb. N. Bağırov özünün də yaralandığını bildirib.

Digər zərərçəkmiş Şamil İsrəfilov yaralandığını qeyd edərək deyib: “Odlu silahlardan atəş açırdılar, üzərimizə qumbara atırdılar. Qumbara partlaması nəticəsində yaralandım”.

Ş. İsrəfilov dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən hadisə zamanı 14 nəfərin şəhid, 24 nəfərin isə yaralandığını bildirib.

Vüsal Eyyubov ifadəsində Ermənistan hərbçilərinin atdıqları odlu silahdan yaralandığını diqqətə çatdırıb. O, dövlət ittihamçısının suallarına cavab olaraq həmçinin yaralananların olduğunu qeyd edib.

Taciəddin Kərimov minasının partlaması nəticəsində xəsarət aldığını bildirib. O, azad edilmiş ərazilərdə minalardan təmizlənmə işləri apararkən yaralandığını söyləyib. Zərərçəkmiş şəxs 59 mina zərərsizləşdirildiyini, minaların Ermənistan istehsalı olduğunu təsdiqləyib.

Cavanşir Sultanov Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən yaralandığını bildirib.

Seymur Ağakərimov erməni hərbçilərinin atdığı mərminin partlaması nəticəsində xəsarət aldığını vurğulayıb.

Vaqif Babayev mina partlaması nəticəsində xəsarət aldığını qeyd edib. O, zirehli texnikanın minaya düşməsi nəticəsində müxtəlif xəsarətlər aldığını bildirib. Zərərçəkən, prokurorların suallarına cavabında Ermənistanın mina terrorunun günahsız mülki insanlara daha çox zərər verdiyini söyləyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Məhkəmənin növbəti iclası mayın 6-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan bir sıra ağır cinayətlərdə ittiham olunur.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video