Vyetnamın Vunqanq limanının sahil bölgəsində “Cong Thanh” kömür daşıyan gəmisi batıb.
Məlumata görə, hadisə nəticəsində 10 nəfər itkin düşüb, bir ekipaj üzvünün tapılmasına müvəffəq olunub.
Qeyd edilib ki, Vyetnamın Kuanqnin əyalətindən Kuanqbin əyalətinə 4.9 ton kömür daşıyan gəminin göyərtəsində 11 ekipaj üzvü olub.
Gəmi limana yaxınlaşarkən onun mühərrikinin sıradan çıxdığı məlum olub. Təhlükə siqnalı göndərildikdən sonra bütün ekipaj üzvləri müstəqil şəkildə təxliyə olmağa cəhdi ediblər. Nəticədə indiyədək yalnız bir nəfər xilas ola bilib. O, Vyetnam hökumətinin elan etdiyi xilasetmə əməliyyatı zamanı aşkarlanıb.
Xilasetmə əməliyyatlarında, həmçinin balıqçı gəmiləri də iştirak edir. Hazırda qalan dənizçilərin taleyi naməlum olaraq qalır.
Meteorologiya xidmətinin məlumatına görə, gəminin qəzaya uğradığı ərazidə əlverişsiz hava şəraiti davam edir: güclü yağış yağır, külək və iri dalğalar müşahidə olunur, həmçinin şimşək çaxacağı gözlənilir. Bütün bunlar axtarışlara çətinliklər yaradır.