“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində ADY nümayəndələri Sian və Çendu şəhərlərində yerləşən quru limanlarının fəaliyyəti və infrastruktur imkanları, həmçinin limanlarda həyata keçirilən müasir logistika həlləri ilə tanış olub, liman rəhbərlikləri ilə görüşlər keçirib.
Görüşlərdə Orta Dəhlizə yüklərin cəlb edilməsi, logistika imkanlarının genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Sian və Çendu Çinin qərbində yerləşən iki əsas nəqliyyat və iqtisadi mərkəzdir. Bu şəhərlər Orta Dəhliz vasitəsilə Çinlə Avropa arasında ticarət və logistika əlaqələrinin inkişafında mühüm rol oynayır.