“Azərbaycan regionda sülhün bərqərar olması üçün ardıcıl təşəbbüslərlə çıxış edir. Bizim əsas məqsədimiz Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti yaratmaqdır”.
Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Ermənistan kapitulyasiya aktındakı öhdəliyini yerinə yetirmir
Millət vəkili qeyd edib ki, müharibədən 4 ildən çox keçməsinə baxmayaraq, Ermənistan tərəfi 10 noyabr kapitulyasiya aktındakı öhdəliyində olan müddəaları hələ də yerinə yetirmir: “Azərbaycanın sülhün imzalanması istiqamətində sərgilədiyi qətiyyətli mövqe bir daha bizim Cənubi Qafqazda sülh və əmin-amanlığa müvəffəq olma istəyimizi sübut edir”.
S. Məmmədov vurğulayıb ki, məhz Azərbaycan tərəfindən sülh müqaviləsinin mətni tərtib edilib və bir çox məsələlər tərəflər arasında razılaşdırılıb.
Ermənistan sülh sazişinin imzalanmasını istəyirsə, şərtləri yerinə yetirməlidir
Deputat, həmçinin, bildirib ki, müharibədən sonrakı dövrdə ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən bəzi təşkilatlar və dövlətlər müxtəlif ittihamlar irəli sürərək, qələbəmizə kölgə salmağa cəhd edib: “Macarıstana səfəri zamanı cənab Prezident Azərbaycanın 44 gün ərzində öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində – BMT-nin Nizamnaməsinə əsaslanaraq azad etdiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu gün bizim ölkəmizin mövqeyi bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupu buraxılmalıdır. Çünki artıq münaqişə həll olunub. Sülh müqaviləsinin imzalanması isə Ermənistanın atacağı addımlardan asılıdır. Bu ölkənin Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar ləğv edilməlidir. Əgər, həqiqətən, Ermənistan sülh sazişinin imzalanmasını istəyirsə, bu barədə bəyanatlarında səmimidirsə, qeyd olunan şərtləri yerinə yetirməlidir”.
Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi
S. Məmmədov vurğulayıb ki, 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəaları arasında yer alan önəmli məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır ki, Ermənistan bu öhdəliyini də yerinə yetirməkdən boyun qaçırır.