247Press – Azərbaycan Xəbər Portalı Blog Daxili siyasət Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər
Daxili siyasət

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, həmçinin Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.

TMİF-in prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq, təşkilat tərəfindən türk xalqlarının ortaq irsinin qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-in atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakının artırılmasının vacibliyini vurğulayıb.

Ziyarət çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva TMİF-in muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən eksponatlarla tanış olub, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.

Ziyarətin sonunda Leyla Əliyeva TMİF-in xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Fondun fəaliyyət istiqamətləri arasında türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı müxtəlif layihə və tədbirlərin icrası və dəstəklənməsi yer alır.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikaları fondun üzvüdür, Macarıstan isə müşahidəçi dövlət qismində iştirak edir. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.

Mənbə

Exit mobile version