Ədalət Partiyasında Qarşıdurmalar və Parçalanma
Ədalət Partiyasında qarşıdurmalar və parçalanmalar yaşanmaqdadır. Bu gün partiyanın Ali Məclisinin iclasının keçirildiyi barədə məlumat verilib.
Partiya sədrinin səlahiyyətlərini icra edən, Ali Məclisin sədri Meydan Babayev gündəlikdəki məsələləri elan etdikdən sonra qurultayın vaxtının və nümayəndəlik normasının müəyyənləşdirilməsi, qurultayın keçirilməsi üçün təşkilat komitəsinin yaradılması, partiya daxilindəki vəziyyət və gələcək hədəflərdən danışıb. Ali Məclisin qərarı ilə Ədalət Partiyasının qurultayının mayın 31-də keçirilməsi müəyyənləşdirilib.
İclasda partiya sədrinin müavini Mütəllim Rəhimov nizamnaməyə zidd olaraq Ali Məclisin iclasını çağırmaqda və Ali Məclisin üzvü olmadan iclası aparmaqda ittiham edilib. Siyasi Şura tərəfindən Rəhimov Mütəllim Qara oğlunun partiyanın üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilib.
Aprelin 19-da Ədalət Partiyasının sədrinin müavini Mütəllim Rəhimli qurultayın 17 may tarixində keçirilməsi barədə qərar verildiyini bildirib. Qurultayda partiyanın yeni sədri seçiləcək və rəhbər orqanlar müəyyənləşəcək.
Baş verənlərlə bağlı Mütəllim Rəhimli açıqlamasında bildirib ki, Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında qərar qəbul edib: “Çünki Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bütün səlahiyyətlər də bu komitəyə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər nizamnaməyə ziddir. Mən Ədalət Partiyasının yaradıcılarından biriyəm. Bunların məni üzvlükdən çıxara bilməzlər. Həm də partiya üzvü olmayanlardan toplananlarla qərar vermək əxlaqa və qanuna ziddir. Bu özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var? Rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar verilə bilər? Siyasi Şura olmadığı halda qərar verə bilməz. Nizamnaməyə görə, partiya üzvünü rayon təşkilatı üzvlükdən çıxara bilər, amma rayon təşkilatının belə bir qərarı yoxdur.”
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.
Leave feedback about this