“Plastik cərrahiyyə sahəsində özbaşınalıq var və kim gəldi, əməliyyat edir. İnsanları ən sadə mənada desəm, öldürürlər”.
Məlumata görə, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Dünənki vətəndaş qəbulunda valideynlər gəlmişdi. Onların qızları Səbirə Vəliyevanı əməliyyat edən Ülviyyə İlyasova səhv əməliyyat nəticəsində həmin şəxsi öldürüb. İki uşağı yetim qaldı. O gündən bəri o adam haqqında heç bir tədbir görülmür. Valideynlərin dediyinə görə, bu qız 9-cu sinfi bitirib və heç bir tibbi təhsili yoxdur. İndi də bu adam “Qurbanova” soyadı ilə işləyir. Hazırda kosmetoloq-üz cərrahı kimi gizli fəaliyyət göstərir. Biz mətbuatda oxuduq ki, plastik cərrahları imtahan etdilər və onların siyahısını dərc etdilər. Lakin o adamlar kim oldu, biz bunu bilmədik. Bu, geniş ictimaiyyətə təqdim olunmalıdır. Ölən adamı həmin şəxs koma vəziyyətində öz evinə aparıb. Orada ona kömək etmək istəyib, amma fayda verməyib və ölüb. Valideynləri hədsiz dərəcədə narazıdır və bildirirlər ki, bizim uşağımızın qatili kimdir hələ də bilmirik.
Bir mərkəzi plastik cərrahi xəstəxana təşkil etmək olarmı? Orada əməliyyat edən hər hansı adam Allah deyil ki, səhv edə bilər. Amma o səhvi düzəldən digər həkimlər də o mərkəzdə fəaliyyət göstərsinlər və dərhal qarşısını alsınlar. Hamı da bilsin ki, plastik cərrahiyə üçün hara getməlidirlər. 9-cu sinfi bitirən şəxs hansısa həkim məntəqəsinin yanından yer alıb fəaliyyət göstərirmiş. Bu nə dərəcədə özbaşınalıqdır? Ona bu icazəni və yeri kim verib? Belə bir mərkəz yaradılsın”, – deyə millət vəkili qeyd edib.
Səyyad Salahlının sözlərinə görə, rayonlardakı direktorlar ora gedən həkimlərin hansısa sözlərinə uyaraq, onları 3-4 aydan sonra geri göndərirlər: “Burada təhsil alıb həkim vətənə borcunu ödəməmiş hara gedir? Bu nə demokratiyadır?
Guya buna rayonun havası düşmədi? Bu, əsassız bəhanədir. Mütləq təyinatla getdiyi yerdə işləməli və sonra geri qayıtmaq barədə düşünməlidir. İmişlidə 140 minlik əhalinin bir dənə rentgeni yoxdur. Belə iş olar? İmişli-Saatlı-Sabirabadda 400 minə qədər əhali yaşayır. Lakin bir dənə lor-həkim yoxdur, hörmətli səhiyyə naziri. Onlar yığışıb Bakıya gəlməlidir. Təyinat mütləq məcburi olmalıdır.”
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.