Rusiyanın ikili standartları: Dostluq çağırışları fonunda diplomatik etikaya zidd hərəkətlər

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
4 Min Read

Rusiya Federasiyası uzun illərdir ki, postsovet məkanında inteqrasiya və dostluq çağırışları ilə çıxış etsə də, atdığı addımlar əksər hallarda bu çağırışlarla üst-üstə düşmür. Son hadisələr, xüsusilə Azərbaycan millət vəkili Azər Badamovun Həştərxan səfəri zamanı ölkəyə buraxılmaması bu ziddiyyətin konkret ifadəsidir.

Rusiya tərəfinin dəvəti ilə təşkil olunan tədbirdə iştirak etməli olan Badamovun Moskva hava limanında saxlanılması və heç bir səbəb açıqlanmadan deportasiya edilməsi, iki ölkə arasında yaranmış etimad böhranının yeni mərhələsidir. Və bu, təkcə diplomatik etikasızlıq deyil, eyni zamanda siyasi simvolizm daşıyan bir mesajdır.

Azərbaycan parlamentinin deputatı Sahib Alıyev məlumatda açıqlamasında bildirib ki, deputat Azər Badamovun Rusiyaya buraxılmaması dostluq münasibətlərinə zidd olmaqla yanaşı, həm də nəticələri Rusiya üçün zərərli ola biləcək yanlış və məntiqsiz bir addımdır.

Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumət sədri Denis Afanasyevin dəvəti ilə heyət tərkibində ora gedən deputat Azər Badamovun Moskvada hava limanında saxlanılaraq, onun Rusiyaya girişinə qadağa qoyulduğunun bildirilməsi təkcə dostluqdan uzaq addım deyil. Bu, həm də son dərəcə məntiqsiz və belə bir göstəriş verənlərin düşündüklərinin tam əksi ilə nəticələnəcək bir addımdır. Və əgər Rusiyada bunun fərqində deyillərsə, fikirləşirlərsə ki, neçə əsrdir yeritdikləri kökə və kötək siyasəti Azərbaycana yanaşmada indi də keçərlidir, çox yanılırlar. Maraqlıdır, hörmətli həmkarımın Rusiyaya girişinə niyə qadağa qoyulub? Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyası, Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının üzvü olduğuna, ardıcıl şəkildə iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşməsinə öz töhfəsini vermək istədiyinə görəmi? Əgər Azər Badamov orada arzuolunmayan şəxslərin siyahısına salınmışdısa, niyə bu öncədən açıqlanmamışdı və o, Rusiyaya səfərə dəvət edilmişdi.

Milli Məclisin üzvü Sahib Alıyev qeyd edib ki, Patriarx Kirillin Bakıya səfərində vurğuladığı səmimi münasibətlər və qarşılıqlı dialoqa baxmayaraq, onun səfərindən dərhal sonra azərbaycanlı deputatın Rusiyaya buraxılmaması dostluq və məntiqlə uzlaşmayan, heç bir çərçivəyə sığmayan ziddiyyətli bir hərəkətdir.

Məntiqdən və dostluqdan tam uzaq belə bir hərəkətə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıya səfər başa çatar-çatmaz yol verilməsi isə, sərnişin təyyarəmizin Qroznı yaxınlığında vurulmasından sonrakı davranışları kimi ümumiyyətlə, heç bir çərçivəyə sığmır. Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə Patriarx Kirill, onun öz sözləri ilə desək, bizim mübarək ölkəmizə həmişə qanadlanıb uçarcasına gəldiyini və buradakı səmimi atmosferin “düzgün, etibarlı, dürüst dialoqa sövq etdiyini” bildirirdi. Bəli, Azərbaycan, Bütün Rusiyanın Patriarxının da vurğuladığı kimi, qarşı tərəfi təkcə “düzgün, etibarlı, dürüst dialoqa” sövq etməyib, özü də həmişə o cür davranıb, ilk növbədə də elə həmin Rusiyaya qarşı.

Azərbaycanın Milli Məclisinə gəldikdə, nəinki hörmətli Azər Badamov, orada heç bir deputat Rusiya Dumasının üzvləri Konstantin Zatulin, Vitali Milonov, Nikolay Valuyev və digərlərinin ölkəmizin torpaq bütövlüyünün, suverenliyinin əleyhinə yönəlmiş, hətta təhqir dolu açıqlamalarına baxmayaraq onların səviyyələrinə enməyiblər. Heç kim Rusiyanın torpaq bütövlüyünü şübhə altına alan açıqlama verməyib və rus xalqını təhqir etməyib. Ona görə yox ki, kimdənsə qorxub çəkinirik. Ona görə ki, biz Azərbaycanın ədəb, ərkan və ləyaqəti ilə özünü böyük sayan bəzi Dövlətlərdən daha böyük olduğunu bilirik, Liderimizin necə siyasət yeritdiyini görür və ona da uyğun hərəkət etməyə çalışırıq. Eyni zamanda Zatulinlərin niyə belə hərəkət etdiklərinin də gözəl fərqindəyik. Bu hərəkətləri ilə Azərbaycanın yaratdığı geosiyasi reallığı aradan qaldıra bilməyəcəklərinin, əksinə, daha da möhkəmləndiklərinin onlar da gec-tez fərqində olacaqlar,” – deyə Alıyev sözünü yekunlaşdırıb.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version