Şəkidə yeni şəlalə aşkarlandı

Fidan Məmmədli
2 Min Read

Mayın 5-də və 6-da Şəkinin Şin kəndindən təxminən 7-8 km (hava xətti ilə) şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arasındakı ərazi) qolu və eyniadlı dərədə ekoloji monitorinq işləri aparılıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinin (REM) Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev məlumat verib.

O qeyd edib ki, monitorinq işləri şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən aparılıb.

“Çay yatağındakı gətirmə konusların həcmi, suyun səviyyəsi və digər ölçmələr zamanı suyun səviyyəsinin yüksəldiyi və gətirmə konuslarının həcminin artdığı müəyyənləşdirilib.

Əməkdaşımız Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə (Şin kəndindən hava xətti ilə 7.3 km) heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1 290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığı barədə məlumat verib.

Hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlaləyə ətrafı boz qayalıq relyef olduğu üçün Elvin Qarayev tərəfindən “Boz qaya şəlaləsi” adı verilib”, – deyə Q.Ağabalayev vurğulanıb.

Q.Ağabalayev onu da qeyd edib ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən (hər iki tərəfində 2500-2700 metr hündürlükdə olan dağlar yerləşir) keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub.

“Sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparılıb və tərkibində 18.9° C temperaturda hidrogen göstəricisinin 8.36 pH olduğu müəyyənləşib.

Bütün bunları nəzərə alaraq minerallarla zəngin içməli suyun və rəngarəng meşə landşaftının mövcud olduğu bu ərazinin yüksək turizm potensialına malik olduğunu rahatlıqla söyləmək mümkündür”, – deyə Q.Ağabalayev bildirib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş