Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti ilə bağlı təfərrüatlar açıqlanıb.
M.Tağıyev 26 ildir bu cinayətin qisasını almaq məqsədilə yaşayırmış.
Hadisə 2023-cü il oktyabrın 28-də Corat bağları yaşayış massivində baş verib. Fərdi yaşayış evlərinin birində açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və atası Dağbəyi Fərəcov ölüb. S.Karakaşın anası Tərlan Fərəcova, həyat yoldaşı Serkan Karakaş, eləcə də hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
İstintaq nəticəsində Müşfiq Tağıyevin qonşusu Dağbəyi Fərəcovun oğlu Anar Fərəcovdan qisas almaq məqsədilə onun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırdığı, partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürdüyü müəyyən edilib. Həmçinin, iki azyaşlı övladını, Tərlan Fərəcovanı və qonşuları öldürməyə cəhd etməsi ilə bağlı ciddi şübhələr var.
Hadisəni törədən zaman 36 yaşlı Müşfiq bildirib ki, 10 yaşında qonşusu Anar Fərəcov tərəfindən əxlaqsız hərəkətə məruz qalıb. Onun sözlərinə görə, Anar onu zorlamağa cəhd edib. Müşfiq həmin gündən qisas hissi ilə yaşadığını qeyd edib: “Anar bu hərəkəti etməsəydi, mənim də ailəm, uşağım olacaqdı. Bu nifrətlə 26 il yaşamışam.”
Müşfiq ifadəsində pul yığıb barıt aldığını, bu hadisəyə hazırlaşdığını bildirib. “İstəyirdim ki, Anar baş verənləri kamera görüntülərindən izləsin. Məqsədim uşaqlardan başqa hər kəsi öldürmək idi,” – deyə əlavə edib.
Özünü qisas alan kimi təqdim edən Müşfiq, əvvəlcə partlayış və yanğını törədib, sonra qapının qarşısında dayanaraq evdən çıxan şəxsləri öldürməyə başlamışdır: “Bütün kəmərim patronla dolu idi. Birinci Susananı vurduqdan sonra Serkan gəldi. Sonra da Dağbəyini vurduq.”
Müşfiq, evdə olanlardan başqa heç kimi vurmaq niyyətinin olmadığını, lakin iki qonşunu bilmədən yaraladığını bildirib. Hadisə baş verdikdən sonra o, atasının məzarını ziyarətə gedib və baş verənləri danışıb.
Müşfiq cinayəti tam olaraq 2020-ci ildən hazırlaşdığını, basqın zamanı bir neçə bıçaq, xəncər, odlu silah, 7 litr benzin və 1 kiloqramdan çox barıt olduğunu vurğulayıb. O, əməlindən peşman olmadığını qeyd edib: “Başqa heç bir qisas məni sakitləşdirə bilməzdi.”
Müşfiqin ifadələrinin bəziləri dəhşət vericidir. O, Susananı vurmasından necə həzz aldığını belə bəyan edib: “Susananı vuranda boğazından qan fışqırdı. Məqsədim Susananın övladlarının ağlayışlarını, hayqırışlarını görmək idi.”
Bu dəhşətli əməlləri törədən Müşfiq Tağıyev ömürlük azadlıqdan məhrum edilib.